Quran
elmə yol göstərİr
Quranda
insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin,
toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz
doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində
düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları
nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma
sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan
yaradan Rəbbimizi tanıya biləcək.

Kainatı və
içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma
sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə
elmdir. Dolayısı ilə din, elmi Allahın yaratma sənətindəki
detallara yetişməkdə bir yol kimi qəbul edir və bu səbəbdən elmə
həvəsləndirir.
Din elmi
araşdırmalara təşviq etdiyi kimi İslam dinindəki həqiqətlərə
əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli
və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın
necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı
verir. Dolayısı ilə, doğru nöqtədən başlayaraq aparılan
araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri
ən qısa zamanda ən az əmək və enerji sərf edərək aşkara
çıxaracaqdır. XX əsrin ən böyük alimlərindən biri qəbul edilən
Albert Eynşteynin də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni
dinin yol göstərmədiyi elm irəliləyə bilməz, dəqiq nəticələr
əldə etməsi çox vaxt alar və hətta çox vaxt nəticə əldə etmək
mümkün olmaz.
Bu həqiqəti
görə bilməyən materialist ideologiyaya sahib elm adamları
tərəfindən aparılan elmi çalışmaların isə xüsusilə son iki
əsrdir insanların nə qədər vaxtını israf etdiyi, bu yolda
aparılan çalışmaların böyük hissəsinin hədər olduğu və sərf
edilən trilyonlarla vəsaitin necə havaya sovrulduğu göz
qabağındadır.
Elə buna görə
də, insanların qəti şəkildə bilmələri vacib olan bir həqiqət
vardır. Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış
dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün
çalışarsa, doğru nəticələr əldə edə bilər. Yolu düzgün müəyyən
edilsə, yəni doğru istiqamətləndirilsə, elmin əsl məqsədinə ən
qısa müddətdə çatması təmin edilə bilər.
AĞILLI DİZAYN, YƏNİ YARADILIŞ

Allahın
yaratmaq üçün dizayn etməyə, yəni planlaşdıraraq yaratmağa
ehtiyacı yoxdur
Kitabın
müxtəlif səhifələrində istifadə edilən “planlaşdırma” sözünun
düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz nizam-intizam
qurması Rəbbimizin əvvəl planlaşdırdığı, sonra isə yaratdığı
mənasına gəlmir. Bilmək lazımdır ki, yerlərin və göylərin Rəbbi
olan Allahın yaratmaq üçün hər hansı bir “planlaşdırma” aparmağa
ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda
olur. Allah bu cür əksikliklərdən uzaqdır.
Allahın bir
şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız
“Ol!” deməyi kifayətdir. Ayələrdə belə buyurulur:

«Bir şeyi
istədiyi zaman buyuruğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal
olar»
(«Yasin»
surəsi, 82)

«Göyləri və
yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona
yalnız: “Ol!” deyər, o da dərhal olar»
(«Bəqərə»
surəsi, 117)

DİN ELMƏ TƏKAN VERİR

İslam dini ağıl
və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri
görür və vicdanını istifadə edərək gördüklərindən nəticə çıxarır.
Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı
olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı
hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu
üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar.
Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən
bir neçəsini görməsi də Yerin insanların yaşaya bilməsi üçün
xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər.
Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ
gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca
desək, ağlını və vicdanını istifadə edərək düşünən hər insan
Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah
bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki,
ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar,
göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz!
Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi
cəhənnəm odunun əzabından qoru!”
(«Ali-İmran»
surəsi, 191)

Bu səbəbdən Allah Quranda insanları onları əhatə edən yaradılış
dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Bütün
kainatda mövcud olan sistemləri, canlı və cansız varlıqları
nəzərdən keçirən, gördükləri üzərində düşünən və araşdıran hər
insan Allahın üstün ağlını, elmini və sonsuz güçünü tanımağa
başlayacaqdır. Allahın insanları üzərində düşünməyə çağırdığı
mövzulardan bəziləri ayələrdə belə bildirilir:

«Məgər onlar
başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə
bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!
Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar
yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi
görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir
bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz
göydən bərəkətli su endirdik, sonra onunla həm bağlar və biçilən
taxıl dənələri, həm də tumurcuqları bir-birinin üstünə düzülmüş,
hündür xurma ağacları yetişdirdik»
(«Qaf» surəsi,
6-10)

«Yeddi
göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir
uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir
yarıq görə bilərsənmi?!»
(«Mülk» surəsi,
3)

«Elə isə insan
nədən yaradıldığına bir baxsın!»
(«Tariq» surəsi,
5)

«Məgər dəvəyə baxmırlar ki,
necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır?
Dağlara baxmırlar ki,
necə dikəldilmişdir?»
(«Ğaşiyə» surəsi,
17-20)

Yuxarıdakı
ayələrdən də göründüyü kimi, Allah insanları göy üzü, yağış,
bitkilər, heyvanlar, doğuluş, coğrafi xüsusiyyətlər kimi
mövzularda araşdırma aparmağa və tədqiq etməyə çağırır. Bütün bu
varlıqları tədqiq etməyin və araşdırmağın yollarından biri isə,
əvvəldə də bildirdiyimiz kimi, elmdir. Elmi araşdırmalar
nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın
sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdırlar.
Tarix boyu bəşəriyyətə böyük xidmətlər göstərən elm adamlarının
əksəriyyətinin Allaha inanan dindar kəslər olmasının səbəbi də
budur; elmin Allahın qüdrətini təqdir etməyin bir yolu olması...
Allaha
İnam elm adamlarına böyük bİr şövq və
həyəcan verİr
Yuxarıda da
bəhs etdiyimiz kimi, din elmə həvəsləndirir, elmlə məşğul olan
ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox
yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da
malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə
Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz bir detal ilə
qarşılaşırlar.

Məsələn, gözü
tədqiq edən bir elm adamı təkcə insan gözündəki kompleks sistemi
görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ
bilməyəcəyini anlayar. Bir az da nəzərdən keçirəndə gözü təşkil
edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid
olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət
olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat
artar.
Eyni şəkildə
kainatı tədqiq edən bir elm adamı özünü bir anda minlərlə
möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən
etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən
milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla
ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma
şövqü verər.
Bunların
nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və
kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qərarlı
olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert
Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən
aldıqları bu həvəsləndirici gücü belə bildirmişdir:
“Kainatla bağlı dini hissin elmi araşdırmaların
ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki,
bu hissi elmi təfəkkürü ilə ilk olaraq birləşdirənlər ən
qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı
şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə
fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona
bu cür dərin duyğular vermişdir. Elmi araşdırmaların yalnız
praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər
yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham
həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların
qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə
baxmayaraq araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din
duyğusundan alarlar. Bir müasirimiz çox doğru olaraq belə
demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini
pozitiv elm yolunu ilk araşdıranlar duyublar.”
İohan Kepler
Yaradıcının əsərlərindəki ləzzəti almaq üçün elmlə
maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan
İsaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin
Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.
Bu sözlər
dünya tarixinin ən tanınmış elm adamlarından sadəcə bir neçəsinə
aiddir. Bu adamlar və sonrakı bölmələrdə nəzərdən keçirəcəyimiz
onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək,
Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı
qanunlardan və hadisələrdən təsirlənərək daha çox şey kəşf etmək
istəyən şəxslərdir.
Göründüyü kimi,
Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox
elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki
kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni
zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd
isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək,
dəlillərini tapmaq, detallarını tədqiq etmək istəyi elmi
çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın
və canlıların yaradıldığı həqiqəti inkar edilsə, bu məna da
ortadan qalxacaqdır. Məsələn, materialist fəlsəfəyə və
Darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd
olmadığını, hər şeyin boş təsadüflərin məhsulu olduğunu zənn
edəcəkdir. Bu halda kainatı və canlıları araşdırmağın da həqiqi
mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm
ilhamı olmayan bir təcrübəyə dönər”- kimi ifadə etmişdir.
Bu halda bir
elm adamının hədəfə alacağı yeganə məqsəd etdiyi bir kəşflə
məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaqdır. Bu
hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər.
Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm
dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını
itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşərək, onu
gizlətmək məcburiyyətində qalar.
Təkamül
nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu
səmimiyyətsizliyin bir nümunəsidir. Əslində elmi faktlarla
qarşılaşan bir çox elm adamları təkamül nəzəriyyəsinin həyatı
açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə
məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. İngilis fiziki
H. S. Lipson bu barədə belə deyir:
«Canlılar
haqqında Darvinin bildiyindən çox artığını bilirik. Məsələn,
sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər
sinir elektrik mühəndisliyi baxımından bir şah əsəridir. Bizim
orqanizmimizdə bunlar milyardlarladır... Bu halda mənim
ağlıma gələn kəlmə
“dizayn”dır.
Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir.»
Yaradılışı
ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları
üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm
adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu
həqiqəti belə açıqlayır:
«Əslində
təkamül bir növ “elmi din” halına düşmüşdür; demək olar ki,
bütün elm adamları bunu qəbul etmiş və bir çoxu onunla uyğun
gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar».
Bu ziddiyyətli
vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakım
olmağa başlayan “dinsiz elm” aldanışının bir nəticəsidir.
Eynşteynin bildirdiyi kimi, “dinsiz elm şikəstdır”. Buna görə də
bu aldanış həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də
bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd qalan
elm adamlarını ortaya çıxarmışdır. Bu iki təsirdən birincisini
sonrakı səhifələrdə ətraflı nəzərdən keçirəcəyik.
İman Edən Alimləriİn “Dİnə Xİdmət
Şövqü”
Allahın
varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya
aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün
elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi
olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər
sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz
gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını
anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün,
şübhəsiz, vacib bir ibadətdir.

Elə bu səmimi
düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük
bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri,
canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf
etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları
tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük
nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq
onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq
görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə
məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər.
Elmin dindən
uzaq qalmaqla inkişaf edəcəyini zənn edənlər isə şübhəsiz, çox
yanılırlar. Hər şeydən əvvəl Allaha iman gətirməyən kəslər
imanın verdiyi mənəvi şövqü yaşaya bilməzlər. İlk əvvəl böyük
bir həyəcanla başladıqları elmi araşdırmalar bir müddət sonra
onlara adi və monoton hadisələr kimi görünməyə başlayacaq. Bu
cür düşünən insanların həyatdakı məqsədləri qısa zaman ərzində
dünya həyatına bağlı mənfəətləri əldə etməkdən ibarətdir. Buna
görə də bu insanlar pul, mövqe, şöhrət, etibar kimi dünyəvi
həvəslər naminə çalışmalar aparırlar. Məsələn, bu şəkildə
düşünən və universitetdə karyera qurmaq istəyən bir alim ancaq
özünü daha üstün bir mövqeyə çıxaracaq sahələrdə çalışmalar
aparar. İnsanlara fayda verə biləcəyini düşündüyü bir məsələ
olsa belə, öz mənfəəti baxımından heç nə qazanmayacağı bir
sahədə araşdırma aparmaz. Qarşısına araşdırma aparacağı iki
mövzu çıxarsa, bu ikisi arasında hansının ona daha çox maddi
gəlir, etibar və mövqe qazandıracağını götür-qoy edər və
digərinin insanlar üçün daha faydalı bir nəticəyə gətirib
çıxaracağını bilsə belə, o mövzudan uzaqlaşar. Qısası, bu cür
insanlar mənfəətləri olmadığı təqdirdə insanlara fayda verməyə,
onlara xidmət etməyə çalışmazlar. Mənfəət əldə etmək məsələsi
ortadan qalxarsa, onların çalışmaq üçün əzmləri də gedər.
Allaha iman edən
bir insanın yaşadığı şövq və həyəcan hissi isə sadəcə elm
sahəsində deyil, incəsənət, mədəniyyət kimi daha bir çox
fəaliyyət sahələrində insanlara geniş imkanlar açar və əsla
tükənmədən, hətta daha da artaraq davam edər.

|